“Fluminense”nin dayaq yarımmüdafiəçisi Felipe Melo klublararası dünya çempionatı tarixində ən yaşlı futbolçu olmasına münasibətini bildirib.
Arena.az FIFA-nın rəsmi saytına istinadən Felipe Melonun bu barədə fikirlərini təqdim edir:
“40 yaşında Libertadores Kubokunun qalibi olmaq və üstəlik, bu fəthin vacib oyunçularından biri olmaq, klublararası dünya çempionatına gəlmək və orada oynamaq çox duyğusaldır. Bunun üçün tanrıya şükür edirəm. Amma meydana çıxmaq və əlimdən gələni etmək fürsəti üçün hər gün ödədiyim qiyməti də vurğulamağa dəyər.
Meydandan kənarda mənə kömək edən bütöv bir komandam var, istər fiziki, istərsə də zehni işdə. Əhəmiyyətli bir qiymət ödəyirəm, amma dediyim kimi, buna görə tanrıya duaçıyam. Mənim üçün 40 yaşımda klublararası dünya çempionatında oynamaq və bu rekordu qırmaq böyük qürur mənbəyidir. Bu, mənim üçün gözəldir və məni çox qürurlandırır”, deyə Felipe Melo bildirib.
Xatırladaq ki, dekabrın 18-də “Fluminense” 2023-cü il FIFA Klub Dünya Kubokunun yarımfinal oyununda Misirin “Əl-Əhli” komandasına 2:0 hesabı ilə qalib gəlib. “Flu” finalda ikinci yarımfinal oyununun qalibi ilə qarşılaşacaq. Bu gün Yaponiyanın “Urava Red Daymonds” komandası ilə İngiltərənin “Mançester Siti” komandası ikinci finalçını müəyyən edəcəklər. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


