FIFA Klub Dünya Kuboku: Yarımfinalçılar bəlli oldular

Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunmuş FIFA Klub Dünya Kubokunda bütün yarımfinalçılar bəlli olub.

Arena.az xəbər verir ki, bu gün mundialda daha iki qarşılaşma baş tutub.

Əvvəlcə, Meksikanın “Leon” və Yaponiyanın “Urava Red Daymonds” komandaları yarımfinala vəsiqə üçün mübarizə aparıblar. Rəqibini 1:0 hesabıyla məğlub edən “Urava Red Daymonds” yarımfinala yüksəlib. Sözügedən kollektivi finala vəsiqə uğrunda İngiltərə çempionu, UEFA Çempionlar Liqasının qalibi “Mançester Siti” ilə duel gözləyir.

Günün digər matçı Səudiyyə Ərəbistanının “Əl-İttihad” və Misirin “Əl-Əhli” komandaları arasında baş tutacaq. Dörd qolun qeydə alındığı Misir təmsilçisinin inamlı qələbəsiylə başa çatıb. Nəticədə “Əl-Əhli” yarımfinalda Braziliyanın “Fluminense” komandası ilə qarşılaşmaq hüququ qazanıb.

“Fluminense” – “Əl-Əhli” matçı dekabrın 18-də, “Urava Red Daymonds” – “Mançester Siti” matçı isə ayın 19-da keçiriləcək. Final və üçüncü yer uğrunda qarşılaşmalar isə ayın 22-nə təsadüf edəcək.

2023-cü ildə planetin ən güclü klub komandasını müəyyən etmək üçün keçirilən FIFA Klub Dünya Kubokuna bütövlükdə 7 komanda qatılıb. Bunlar İngiltərənin “Mançester Siti”, Braziliyanın “Fluminense”, Meksikanın “Leon”, Yaponiyanın “Urava Red Daymonds”, Misirin “Əl-Əhli”, Yeni Zelandiyanın “Oklend Siti” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klublarıdır. “Oklend Siti” ilkin mərhələdə “Əl-İttihad”a 0:3 hesabıyla uduzaraq mübarizəni dayandırmışdı.

Turnir dekabrın 12-dən 22-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

Ehtimal edilir ki, FIFA Klub Dünya Kuboku yarışın müvafiq tərtibatda keçiriləcəyi sonuncu turnir olacaq. 2025-ci ildən FIFA Klub Dünya Kubokunda 32 komandanın iştirakı nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: