FIFA Klub Dünya Kubokuna start verildi, “Əl-İttihad” qalib gəldi

2023-cü ildə planetin ən güclü klub komandasını müəyyən etmək üçün keçirilən FIFA Klub Dünya Kubokuna bu gün start verilib.

Arena.az məlumat verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunmuş yarışın ilk günündə yerli “Əl-İttihad” ilə Yeni Zelandiyanın “Oklend Siti” komandaları üz-üzə gəliblər.

Səudiyyə Ərəbistanı təmsilçisi rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəlib – 3:0. “Əl-İttihad” yarımfinala vəsiqə uğrunda Misirin “Əl-Əhli” kollektivi ilə üz-üzə gələcək. Bu oyun dekabrın 15-də keçiriləcək. Həmin gün Meksikanın “Leon” və Yaponiyanın “Urava Red Daymonds” komandaları da yarımfinala vəsiqə üçün mübarizə aparacaqlar.

Xatırladaq ki, turnirdə ümumilikdə 7 komanda çıxış edir. Bunlar İngiltərənin “Mançester Siti”, Braziliyanın “Fluminense”, Meksikanın “Leon”, Yaponiyanın “Urava Red Daymonds”, Misirin “Əl-Əhli”, Yeni Zelandiyanın “Oklend Siti” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klublarıdır.

Braziliya və İngiltərə klubları turnirdəki çıxışlarına yarımfinal mərhələsindən başlayacaqlar. “Mançester Siti” bu mərhələdə “Leon” və “Urava Red Daymonds” arasında oyununun qalibi ilə qarşılaşacaq. “Fluminense” isə “Əl-Əhli” və “Əl-İttihad”dan biri ilə qarşılaşa bilər.

Turnir dekabrın 12-dən 22-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

Ehtimal edilir ki, FIFA Klub Dünya Kuboku yarışın müvafiq tərtibatda keçiriləcəyi sonuncu turnir olacaq. 2025-ci ildən FIFA Klub Dünya Kubokunda 32 komandanın iştirakı nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: