FIFA Klub Dünya Kubokunun bütün iştirakçıları məlum oldu

2023-cü ildə planetin ən güclü klub komandasını müəyyən etmək üçün keçiriləcək FIFA Klub Dünya Kubokunun bütün iştirakçıları məlumdur.

Arena.az məlumat verir ki, Braziliyanın “Fluminense” klubu Libertadores Kubokunu qazanmaqla, 2023-cü il FIFA Klub Dünya Kubokunda mübarizə aparmaq hüququ əldə etmiş sonuncu iştirakçı olub.

Turnirdə ümumilikdə 7 komanda çıxış edəcək. “Fluminense”dən başqa bunlar İngiltərənin “Mançester Siti”, Meksikanın “Leon”, Yaponiyanın “Urava Red Daymonds”, Misirin “Əl-Əhli”, Yeni Zelandiyanın “Oklend Siti” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klublarıdır.

Braziliya və İngiltərə klubları turnirdəki çıxışlarına yarımfinal mərhələsindən başlayacaqlar. “Mançester Siti” bu mərhələdə “Leon” və “Urava Red Daymonds” arasında oyununun qalibi ilə qarşılaşacaq. “Fluminense” isə “Əl-Əhli”, “Əl-İttihad” və ya “Oklend Siti”dən biri ilə qarşılaşa bilər. Buna qədər “Əl-İttihad” və “Oklend Siti” münasibətlərinə aydınlıq gətirəcəklər, qalib “Əl-Əhli” ilə qarşılaşaq. Bu qarşılaşmanın qalibi isə “Fluminense” ilə üzləşəcək.

Turnir dekabrın 12-dən 22-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

Ehtimal edilir ki, FIFA Klub Dünya Kuboku yarışın müvafiq tərtibatda keçiriləcəyi sonuncu turnir olacaq. 2025-ci ildən FIFA Klub Dünya Kubokunda 32 komandanın iştirakı nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: