FIFA Klub Dünya Kubokunun ev sahibi rəsmən açıqlandı

FIFA 2023-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək Klub Dünya Kubokunun (klublararası dünya çempionatı) ev sahibi şəhəri təsdiqləyib.

Arena.az bu barədə beynəlxalq futbol qurumunun rəsmi saytına istinadən xəbər verir.

Səudiyyə Ərəbistanı Futbol Federasiyası (SAFF) və FIFA 2023-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək klublararası dünya çempionatının bütün oyunlarının Ciddə şəhərində keçiriləcəyini təsdiqləyib.

Qərar FIFA nümayəndə heyətinin 2023-cü il dekabrın 12-dən 22-dək keçiriləcək turnirə hazırkı hazırlığı qiymətləndirmək üçün Ciddəyə səfərindən sonra qəbul edilib. Turnir ilk dəfə Səudiyyə Ərəbistanında keçiriləcək.

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yaser Əl Mişal bu münasibətlə deyib: “Biz çox şadıq ki, müasir imkanları ilə və böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməkdə etimadı ilə Ciddə şəhəri FIFA Klub Dünya Kubokunun ev sahibi şəhəri seçilib. İdman Səudiyyə Ərəbistanının “Vision 2030” layihəsi çərçivəsində davam edən transformasiyasının əsas hərəkətverici qüvvəsidir. Bu da Krallığı qlobal idmanda ən sürətlə inkişaf edən və həyəcanlandıran ölkələrdən birinə çevirib.

Xatırladaq ki, FIFA Klub Dünya Kuboku 2023-cü il dekabr ayının 12-də başlayacaq və 10 gün davam edəcək.

Yeri gəlmişkən, növbəti mundialın 7 iştirakçısından artıq 6-sı məlumdur. Bunlar “Mançester Siti” (İngiltərə), “Urava Red Daymonds” (Yaponiya), “Leon” (Meksika), “Əl-Əhli” (Misir), “Oklend Siti” (Yeni Zelandiya) və yerli “Əl-İttihad”dır. Sonuncu iştirakçı Libertadores Kubokunun qalibi olacaq. Bu, noyabrın 11-də müəyyənləşəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: