FIFA, klublararası DÇ-də üç oyunçuya cəza kəsdi

FIFA-nın İntizam Komitəsi Amerika Birləşmiş Ştatlarında keçirilən Klub Dünya Kubokunda üç futbolçuya intizam cəzası kəsdiyini açıqlayıb.

Arena.az bu barədə FIFA-nın rəsmi saytına istinadən məlumat verir.

PSJ-nin iki oyunçusu – 23 yaşlı ekvadorlu mərkəz müdafiəçisi Vilyan Paço və 29 yaşlı fransalı sol cinah müdafiəçisi Lukas Ernandes yarışın “Bayern”lə 1/4 final oyununda (2:0) hər biri aldığı qırmızı vərəqəyə görə 2 oyunluq cəza ilə üzləşiblər. Yarımfinala çıxmış PSJ bu mərhələdə və həmçinin finala vəsiqə qazanarsa, cəzalı futbolçularının xidmətindən istifadə edə bilməyəcək.

Həmçinin “Real”ın 20 yaşlı niderlandlı mərkəz müdafiəçisi Din Höysen 1 oyunluq cəzalandırılıb. Höysen yarışın 1/4 final mərhələsinin Dortmund “Borussiya”sı ilə oyununda (3:2) aldığı qırmızı vərəqə səbəbindən, yarımfinala çıxmış “Real”a kömək edə bilməyəcək.

Xatırladaq ki, PSJ və “Real” yarışın yarımfinal mərhələsində üzləşəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: