FIFA Klublararası Dünya Çempionatının yeni formatını açıqladı

FIFA 2025-ci ildən etibarən Klublararası Dünya Çempionatının yeni formatla keçirilməsi barədə qərar qəbul edib. Arena.az xəbər verir ki, məhz 2025-ci ildən etibarən Klublararası Dünya Çempionatı 32 komandanın iştirakı ilə keçiriləcək.

Reqlamentə əsasən, yeni formatla keçiriləcək ilk Klublararası Dünya Çempionatında iştirakçı bölgüsü belə aparılacaq:

  • Ev sahibi ölkənin komandası
  • 2021-2024-cü illər aralığında UEFA Çempionlar Liqasının qalibi olmuş komandalar
  • 8 Avropa təmsilçisi
  • 6 Cənubi Amerika təmsilçisi
  • 4 Asiya təmsilçisi
  • 4 Afrika təmsilçisi
  • 4 Şimali və Mərkəzi Amerika təmsilçisi
  • 1 Avstraliya təmsilçisi

2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatı sayca 21-ci mundial olacaq. İndiyə qədər mundiallar 7 klubun iştirakı ilə keçirilirdi.

Sonda onu da bildirək ki, yeni formatla keçiriləcək Klublararası Dünya Çempionatının hansı ölkədə baş tutacağı hələ dəqiqləşməyib. Buna qarşıdakı illərdə aydınlıq gələcək.

Bu vaxta qədər Klublararası Dünya Çempionatının ən çox qalibi olmuş komanda İspaniyanın “Real” klubudur. Madrid təmsilçisi 5 dəfə bu uğura imza atıb (2014, 2016, 2017, 2018 və 2022-ci illər). “Real”ın ən yaxın izləyicisi La Liqadakı əzəli rəqibi “Barselona”dır. Kataloniya təmsilçisi də 3 dəfə (2009, 2011 və 2015-ci illər) dünya çempionu olub. Braziliyanın “Korintians” (2000 və 2012-ci illər) və Almaniyanın “Bayern” (2013 və 2020-ci illər) klubları hərəyə iki dəfə çempion olublar. İngiltərənin “Liverpul” (2019), “Çelsi” (2021), “Mançester Yunayted” (2008), İtaliyanın “Milan” (2007) və “İnter” (2010), həmçinin Braziliyanın “San Paulo” (2005) və “İnternasional” (2006) klubları hərəyə 1 dəfə bu uğura imza atıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: