Meksikanın “Leon” komandası 2025-ci ildə keçiriləcək FIFA Dünya Kuboku uğrunda mötəbər yarışda iştirakdan kənarlaşdırılıb.
Arena.az bu barədə dünyanın ali futbol qurumunun rəsmi saytına istinadən məlumat verir:
“Paçuka” və “Leon”a qarşı intizam araşdırmasından sonra FIFA-nın intizam komitəsinin sədri işi, FIFA-nın İntizam Məcəlləsinin 56-cı maddəsinin 3-cü bəndinə əsasən, birbaşa FIFA apellyasiya komitəsinə ötürməyi qərara alıb.
Əldə olan sübutları baxışdan keçirərək, FIFA-nın apellyasiya komitəsinin sədri müəyyənləşdirib ki, “Paçuka” və “Leon” 2025-ci il klublararası dünya çempionatının nizamnaməsinin 10-cu maddəsinin 1-ci bəndində göstərilmiş çoxklublu sahibkarlığın meyarlarına cavab vermirlər.
Futbol üzrə 2025-ci il klublararası dünya çempionatının nizamnaməsinin 10-cu maddəsinin 4-cü bəndinə əsasən, FİFA müəyyənləşdirib ki, “Leon” klubu yarışdan xaric ediləcək. Onu əvəz edəcək klub isə müvafiq vaxtda elan ediləcək”, – qurumun rəsmi bəyanatında deyilir.
Xatırladaq ki, dünya çempionatı 32 klubun iştirakı ilə iyun ayının 15-də başlayacaq, yarışa iyul ayının 13-də yekun vurulacaq.
Əlavə edək ki, “Leon” və “Paçuka” eyni şirkətə məxsusdurlar.


