FIFA prezidenti “Qarabağ”ı təbrik etdi

FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün qalibi olan “Qarabağ” klubunu təbrik edib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, FIFA prezidenti bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.

Məktubda deyilir: “Hörmətli prezident, “Qarabağ” FK-nı 2022/2023-cü illər mövsümündə Azərbaycanın çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm!

Bu titul komandanın zəhməti, ehtirası və fədakarlığı olmadan əldə edilə bilməzdi. Klubdakı hər kəslə fəxr edə bilərsiniz. Bu böyük nailiyyətdə əməyi keçən hər kəsə mənim təbriklərimi çatdırın.

Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropada futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm.

Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş: