Bu həftənin sonunda İtaliyanın İmola şəhərindəki eyniadlı trasda keçirilməli olan Formula 1 üzrə Emiliya Romanya qran-prisi ləğv edilib. Arena.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Rəsmi açıqlamada bunlar qeyd olunub: “Emiliya Romanya bölgəsinə yağan güclü leysan yağışları nəticəsində baş verən daşqınlar nəticəsindəki faciə ilə əlaqədar ümumi müzakirələrdən sonra bu həftəsonu olan yarışı təxirə salmaq qərarına gəldik. Formula 1 ictimaiyyəti baş verən son hadisələrdən zərər çəkmiş insanlara öz dualarını və dəstəyini göndərmək istəyir. Ehtiyacı olanlara kömək etmək üçün əlindən gələni edən fövqəladə hallar xidmətlərinin əməyinə hörmət etmək istəyirik. Azarkeşlərimiz, komandalarımız və şəxsi heyətimiz üçün yarışı təhlükəsiz keçirmək mümkün olmadığından və regionun qəsəbə və şəhərlərinin üzləşdiyi vəziyyəti nəzərə alsaq, bu, ən düzgün və məsuliyyətli bir qərardır. Bu çətin zamanda yerli hakimiyyət orqanlarına, fövqəladə hallar orqanlarına daha çox təzyiq göstərmək düzgün olmazdı”.
Xatırladaq ki, İtaliyadakı yarış 19-21 may aralığında keçirilməli idi. Lakin ölkənin şimalında, xüsusilə Emiliya Romanya əyalətində güclü leysan və daşqınlar səbəbindən ən azından iki nəfər həlak olub. İnsanlar evlərin damlarına çıxaraq xilasediciləri gözləmək məcburiyyətində qalıblar. Əyalətdə təhsil müəssisələri bağlanıb, qatarların hərəkəti dayandırılıb. Ərazidə güclü yağışlar mayın 15-dən davam edir.
Emiliya Romanya qran-prisi bu mövsüm baş tutmayan ikinci yarışdır. Bu mövsümün Şanxayda keçirilməsi nəzərdə tutulmuş Çin qran-prisi də koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmışdı. Mövsümün ilk yarışı olan həmin qran-pri də aprelin 16-da keçirilməli idi.
Bu mövsüm hələlik beş qran-pri baş tutub. Bəhreyn, Səudiyyə Ərəbistanı, Avstraliya, Azərbaycan və Amerika Birləşmiş Ştatlarındakı qran-prilərdən sonra turnir cədvəlindəki vəziyyət belədir:
Dünya çempionatı, 2023
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 119
- Serxio Peres (Red Bull) – 105
- Fernando Alonso (Aston Martin) – 75
- Luis Hamilton (Mersedes) – 56
- Karlos Sayns (Ferrari) – 44
- Corc Rassell (Mersedes) – 40
- Şarl Lekler (Ferrari) – 34
- Lens Stroll (Aston Martin) – 27
- Lando Norris (Maklaren) – 10
- Pyer Qasli (Alpine-Reno) – 8
- Niko Hulkenberq (Haas) – 6
- Esteban Okon (Alpine-Reno) – 6
- Valtteri Bottas (Alfa Romeo) – 4
- Oskar Piastri (Maklaren) – 4
- Jou Quanyu (Alfa Romeo) – 2
- Yuki Tsunoda (Alfa Tauri) – 2
- Kevin Maqnussen (Haas) – 2
- Aleksander Albon (Uilyams) – 1
- Loqan Sarcent (Uilyams) – 0
- Nik De Vris (Alfa Tauri) – 0
Konstruktorların xal sıralaması:
- Red Bull – 224
- Aston Martin – 102
- Mersedes – 96
- Ferrari – 78
- Maklaren – 14
- Alpine-Reno – 14
- Haas – 8
- Alfa Romeo – 6
- Alfa Tauri – 2
- Uilyams – 1
Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Monakoda keçiriləcək. Sözügedən yarış mayın 28-də eyniadlı şəhərdə baş tutacaq.


