Formula 1: Ferstappendən ardıcıl 3-cü qələbə

Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 7-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri İspaniyanın Barselona şəhərində təşkil olunub.

İspaniya qran-prisi ötən mövsümün qalibi, “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 66 dövrəlik yarışı 1:27:57.940 göstərici ilə ilk sırada bitirib.

Bu, onun cari mövsümdə 5-ci, karyerası ərzində isə 40-cı qələbədir. Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami və Monako qran-prilərinin də qalibi olmuşdu.

“Mercedes”in iki sürücüsü – Luis Hamilton və Corc Rassel müvafiq olaraq 2 və 3-cü yeri tutublar. Ferstappenin komanda yoldaşı Serxio Peres isə bu dəfə 4-cü yerlə kifayətlənib.

Bu mövsüm geridə qalan 7 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 170 xalla birinci, Serxio Peres isə 117 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 99 xala malik Fernando Alonso (“Aston Martin”) qapayır.

Konstruktorların mübarizəsində də “Red Bull” 287 xalla zirvədə qərarlaşıb. Xal hesabını 152-yə çatdıran “Mersedes” ikinci pilləyə yüksəlib. “Aston Martin” isə 134 xalla üçüncü sıraya düşüb.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Kanadada keçiriləcək. Sözügedən yarış iyunun 18-də Monrealda baş tutacaq.

Dünya çempionatı, 2023

Pilotların yarışında turnir cədvəli:

1. Maks Ferstappen (Red Bull) – 170

2. Serxio Peres (Red Bull) – 117

3. Fernando Alonso (Aston Martin) – 99

4. Luis Hamilton (Mersedes) – 87

5. Corc Rassell (Mersedes) – 65

6. Karlos Sayns (Ferrari) – 58

7. Şarl Lekler (Ferrari) – 42

8. Lens Stroll (Aston Martin) – 35

9. Esteban Okon (Alpine-Reno) – 25

10. Pyer Qasli (Alpine-Reno) – 15

11. Lando Norris (Maklaren) – 12

12. Niko Hulkenberq (Haas) – 6

13. Oskar Piastri (Maklaren) – 5

14. Valtteri Bottas (Alfa Romeo) – 4

15. Jou Quanyu (Alfa Romeo) – 4

16. Yuki Tsunoda (Alfa Tauri) – 2

17. Kevin Maqnussen (Haas) – 2

18. Aleksander Albon (Uilyams) – 1

19. Loqan Sarcent (Uilyams) – 0

20. Nik De Vris (Alfa Tauri) – 0

Konstruktorların xal sıralaması:

1. Red Bull – 287

2. Mersedes – 152

3. Aston Martin – 134

4. Ferrari – 100

5. Alpine-Reno – 40

6. Maklaren – 17

7. Haas – 8

8. Alfa Romeo – 8

9. Alfa Tauri – 2

10. Uilyams – 1