Sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü, titullu idmançımız Hacı Əliyev (65 kq) peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Güləşçimiz “Bu da son” başlığı ilə edilən paylaşımda hər kəsə təşəkkür edib:
“Əziz, doğma xalqım. Artıq uzun illərdir ki, çoxlu qələbələr gətirmişəm. Hər dəfə qələbə qazanıb bayrağımızı ən zirvələrə qaldırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəf olub. Çox sevinirəm ki, Allah mənə həyatda bu qədər qələbələr nəsib etdi, məni yüksəltdi, məni ölkəmə və dünyaya tanıtdı. Bir vaxtlar atasının əlindən tutub güləşə gedən Hacı haradan bilərdi ki, bu qədər qələbələr qazanıb tarix yazacaq. Qazandığım bu qələbələr tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsi olub. Güləş karyeram ərzində o qədər medal qazandım ki, cənab Prezidentimiz İlham Əlievin dediyi kimi “sənin nə qədər medalın var, bəlkə özün də bilmirsən. Bu, doğrudan da belədir. Mənə bu günə qədər dəstək olan hər kəsə təşəkkür edirəm”.
Hacı 3 qat dünya və 4 qat Avropa çempionu olub. O, Rio-2016 Olimpiadasında bürünc, Tokio-2020-də isə gümüş medal qazanıb.
Xatırladaq ki, Hacı Əliyev Paris-2024 Olimpiadasında da iştirak edib. Lakin o, 1/4 finalda uduzaraq çıxışını başa vurub.
Bir neçə gün öncə digər güləşçimiz Sabah Şəriəti də Paris-2024 Olimpiadasında çıxışını başa vurduqdan sonra karyerasını bitirdiyini elan etmişdi.


