Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz”də belaruslu müdafiəçi Yeqor Xvalko ilə də bağlı yekun qərar verilib.
Arena.az xəbər verir ki, Gəncə təmsilçisi 26 yaşlı futbolçunu heyətində saxlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Xvalko ilə danışıqlar müsbət nəticələnib. Belaruslu müdafiəçi ilə yeni – 1 illik müqavilə imzalanıb.
Yeqor Xvalko ötən mövsümün əvvəlində – 2022-ci ilin iyul ayında “Kəpəz”ə qoşulmuş və 1 illik müqaviləyə imza atmışdı. O, geridə qalan mövsümdə 30 oyuna çıxıb, 2 qol vurub.
Daha öncə “Arsenal” (Dzerjinsk), “Neman” (Qrodno), “Dnyapro” (Mogilev) və “Lida” kimi klublarda da oynamış müdafiəçi, Belarusun U-18, U-19, U-21 yığmalarında da forma geyinib. O, əsas milliyə də dəvət almasına rəğmən, hələ debüt şansı qazanmayıb.
“Kəpəz” Xvalkodan öncə Elçin Əlicanovla da yeni müqavilə imzalandığını açıqlamışdı. Gəncə klubu “Sumqayıt”dan ayrılan Vurğun Hüseynovu da heyətinə cəlb edib. Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya və Ahmed Ayzaya isə komandanı tərk ediblər.


