“Atletiko”nun hücumçusu Xulian Alvares Çempionlar Liqasının yarımfinalında “Arsenal”a qarşı cavab oyununda iştirak edə biləcək.
Arena.az xatırladır ki, argentinalı futbolçu İngiltərə təmsilçisinə qarşı “Metropolitano”da keçirilmiş ilk oyunda (1:1) zədələnərək, ikinci hissədə əvəzlənmişdi.
Lakin Alvaresi zədəsinin ciddi olmadığı məlum olub. Vurğulanır ki, argentinalı hücumçu mayın 5-də “Emireyts”də “Arsenal”a qarşı keçiriləcək cavab oyununda “döşəkçilər”ə kömək edə biləcək.
Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvaresin “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.
Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 105 oyunda 49 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.
Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 51 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğin qiymətləndirir.


