“Kadis”də 4 nəfərə 17 oyunluq cəza!

“Kadis” klubunun iki futbolçusu və iki rəsmisi İspaniya Futbol Federasiyası tərəfindən çox ağır cəzalara layiq görülüb. Arena.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Buna sözügedən komandanın İspaniya La Liqasının 25-ci turu çərçivəsində baş tutan “Xetafe” ilə ev oyununda baş verənlər səbəb olub.

2:2 hesabıyla bitən həmin matçda meydan sahiblərinin heyətində Ruben Sobrino (39-cu dəqiqə) və Ruben Alkaras (82-ci dəqiqə) fərqlənmişdi. Qonaqların heyətində isə hər iki qolu türkiyəli futbolçu Enes Ünal penaltidən vurmuşdu. O, 61 və 90+16-cı dəqiqələrdə 11 metrlik zərbələri dəqiq yerinə yetirmişdi. Ünalın məhz ikinci qolundan sonra meydanda gərginlik ən yüksək həddə çatıb və iki komandanın futbolçuları arasında dava düşüb. Olayların böyüməsində əsas səbəbkarlardan biri olan meydan sahiblərinin yarımmüdafiəçisi İsaak Karselen birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Artıq İspaniya Futbol Federasiyası həmin oyunda baş verənlərə hüquqi qiymət verib. Karselen 3 oyunluq cəzaya layiq görülüb. “Kadis”in qapıçısı Xeremias Ledesma isə 4 oyunluq cəzalandırılıb.

La Liqa təmsilçisinin qapıçılarla iş üzrə məşqçisi Lolo Bokardoya 6 oyunluq cəza verilib. Köməkçi məşqçi Dieqo Ribera da 4 oyunluq cəzalandırılıb. Bu azmış kimi, kluba 500 min avro cərimə də kəsilib.

Xatırladaq ki, Kadisin eyniadlı təmsilçisi bu mövsüm İspaniya La Liqasında keçirdiyi 25 oyunda 27 xal toplayıb və 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: