“Mançester Yunayted”in dayaq yarımmüdafiəçisi Kazemiro müqaviləsinin müddəti başa çatdıqdan sonra komandadan ayrılacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, braziliyalı futbolçunun Mançester təmsilçisi ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi var. Tərəflər bu anlaşmanı yeniləməməyə qərar veriblər. Bu üzdən də yarımmüdafiəçi yayda klubu azad agent kimi tərk edəcək.
Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin avqustunda 70,65 milyon avro məbləğ müqabilində “Real”dan keçib. Braziliyalı futbolçu “qırmızı şeytanlar”ın heyətində dörd mövsüm çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 146 oyunda 21 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçu “qırmızı şeytanlar”la 2022/2023-cü illər mövsümündə İngiltərə Liqa Kubokunun və 2023/2024-cü illər mövsümündə İngiltərə Kubokunun qalibi olub.
Kazemiro karyerası ərzində “Mançester Yunayted”dən əvvəl “Real” (Madrid, İspaniya), “Portu” (Portuqaliya) və “San Paulo” (Braziliya) klublarında da forma geyinib.
Kazemiro 2011-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 82 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


