PSJ-nin hücumçusu Kilian Mbappe Fransa Milli Peşəkar Futbolçular İttifaqı (UNFP) tərəfindən Liqa 1-də mövsümün ən yaxşı oyunçusu elan edilib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən qurumun rəsmi saytı məlumat yayıb.
Ötən gecə qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Mbappe Fransa çempionatının ən yaxşı oyunçusuna verilən mükafatı qazanıb. Bu, futbolçunun karyerası ərzində dördüncü belə uğurudur. Həmçinin mükafatın təqdim edilməsində rekord saydır.
Mbappeyə rəqabəti komanda yoldaşı Lionel Messi, “Lans”ın gümüş medal qazanmış futbolçuları Lua Openda və Seko Fofana, həmçinin “Lill”in hücumçusu Conatan Devid təşkil ediblər.
Xatırladaq ki, cari mövsümdə Mbappe Liqa 1-də 28 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Mbappe turnirin bombardirləri arasında liderdir.
PSJ-nin digər futbolçusu Nuno Mendes mövsümün ən yaxşı gənc oyunçusu elan edilib.
Mövsümün ən yaxşı qapıçısı adını “Lans”ın qolkiperi Bris Samba qazanıb. O, PSJ-dən olan həmkarı Canluici Donnarummanı qabaqlayıb.
Ən yaxşı məşqçi adına isə “Lans”ın baş məşqçisi Frank Ez layiq görülüb.
Fransadan kənarda çıxış edən mövsümün ən yaxşı fransalı futbolçusu mükafatını isə Madrid “Real”ının hücumçusu Kərim Benzema qazanıb.
Liqa 1-də mövsümün ən yaxşı oyunçusu
Kilian Mbappe (PSJ)
Liqa 1-də mövsümün ən yaxşı qapıçısı
Brays Samba (“Lans”)
Liqa 1-də mövsümün ən yaxşı gənc oyunçusu
Nuno Mendes (PSJ)
Liqa 1-də mövsümün ən yaxşı baş məşqçisi
Frank Ez (“Lans”)
Liqa 1-də mövsümün ən yaxşı komandası:
Qapıçı: Bris Samba (“Lans”);
Müdafiəçilər: Əşrəf Hakimi (PSJ), Şansel Mbemba (“Olimpik”, Marsel), Kevin Danso (“Lans”), Nuno Mendes (PSJ);
Yarımmüdafiəçilər: Seko Fofana (“Lans”), Valentin Ronjye (“Olimpik”, Marsel), Xefren Türam (“Nitsa”);
Hücumçular: Kilian Mbappe (PSJ), Lua Openda (“Lans”), Lionel Messi (PSJ).
Liqa 1-də mövsümün ən yaxşı qolunun müəllifi
Eli Vahi (“Monpelye”).
Fransadan kənarda çıxış edən ən yaxşı fransız futbolçu
Kərim Benzema (“Real”, Madrid, İspaniya)