Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə təşkil olunan klublararası dünya çempionatının qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyunda İngiltərənin “Çelsi” və Braziliyanın “Palmeyras” komandaları üz-üzə gəlib.
“Məhəmməd bin Zayed” stadionunda keçirilən final oyununda əsas vaxt 1:1 hesabıyla başa çatıb. İlk qolu 55-ci dəqiqədə “Çelsi”nin hücumçusu Romelu Lukaku vurub. 64-cü dəqiqədə Rafael Veyqa penalti ilə bərabərliyi təmin edib. 117-ci dəqiqədə isə Kay Haverts penaltini dəqiq yerinə yetirib. 120+6-cı dəqiqədə Luan qırmızı vərəqə alaraq, “Palmeyras”ı azlıqda qoyub. Beləliklə, “Çelsi” tarixində ilk dəfə klublar arasında dünya çempionatının qalibi olub.
Final matçından öncə isə üçüncü yer uğrunda oyun baş tutub. “Əl Əhli” (Misir) “Əl Hilal”la (Səudiyyə Ərəbistanı) oyunda 4:0 hesabıyla qalib gələrək bürünc medallara sahib çıxıb.
Klublararası dünya çempionatı
12 fevral
3-cü yer uğrunda oyun
Əl Hilal – Əl Əhli 0:4
Qol: Y.İbrahim, 8; 17. A.Abdelkader, 40. El Solia, 64.
Final
Çelsi – Palmeyras 2:1
Qol: Lukaku, 55. Haverts, 117-pen – Veyqa, 64-pen.


