Lionel Messi də ayrılır – PSJ rəsmən açıqladı

Futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi cari mövsümün sonunda Fransanın PSJ klubundan ayrılacaq.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 nəhənginin rəsmi saytı məlumat yayıb.

Klubun rəsmi bəyanatında ulduz oyunçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

PSJ-nin sahibi Naser Əl-Xəlaifi da argentinalı forvardın ayrılığı ilə bağlı fikirlərini klub saytına açıqlayıb:

“Mən Lionel Messiyə Parisdəki iki mövsüm üçün təşəkkür etmək istərdim. Oyunçular “Park de Prens”də “Qızıl top”un yeddiqat mükafatçısını görməkdən çox məmnun idilər. Onun PSJ və Fransa çempionatına töhfəsini yüksək qiymətləndirir, Lionel və ailəsinə gələcək üçün ən yaxşısını arzulayırıq”.

Xatırladaq ki, Lionel Messi 2021-ci ilin yayından PSJ-də forma geyinir. Təcrübəli oyunçu Paris təmsilçisində 74 matçda 32 qol və 35 məhsuldar ötürmə müəllifi olub. O, Fransa nəhəngi ilə 2 dəfə ölkə çempionu olub, bir dəfə super kubok qazanıb.

İspaniyanın “Barselona” klubunun yetirməsi olan Lionel 2004-2011-ci illər aralığında məhz Kataloniya təmsilçisinin uğurları üçün çalışıb. O, bu komandada 778 matça çıxıb, 672 qola imza atıb və 303 məhsuldar ötürmə müəllifi olub. Messi doğma klubu ilə çoxsaylı titullara və rekordlara imza atıb. O, Argentina milli komandasında da 174 oyuna 102 qol vurub.

Xatırladaq ki, Messinin hazırda yenidən “Barselona”ya qayıtması variantı var. Amma ona sərfəli təkliflər irəli sürən başqa klublar da var. Argentinalı ulduzun seçiminin necə olacağı maraqla gözlənilir.

PSJ bir gün öncə müdafiəçisi Serxio Ramosun da mövsüm bitən kimi komandadan ayrılacağını açıqlamışdı.