Argentina yığmasının ulduz hücumçusu Lionel Messi DÇ-2026-da iştirak etməyəcəyi ilə bağlı öz sözlərinə münasibət bildirib.
Arena.az “TyC Sports”a istinadən Messinin bu xüsusda sözlərini diqqətinizə çatdırır:
“Yaş və vaxta görə orada oynamaq mənim üçün çətin olacaq. Qarşıda seçmə mərhələ oyunları, Amerika Kuboku var. Dünya çempionatı haqqında düşünmək isə hələ tezdir”.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı 48 komandanın iştirakı ABŞ, Kanada və Meksikanın müştərək təşkilatçılığı ilə keçiriləcək.
Messi 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında Argentina yığmasının qələbəsində böyük pay sahibi olmaqla yanaşı, turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.
2022/2023 mövsümünün bitməsilə Lionel Messi çıxış etdiyi PSJ-dən azad agent qismində ayrılaraq MLS təmsilçisi “İnter Mayami”yə keçib.
Geridə qalmış mövsümdə Messi PSJ-nin heyətində 41 oyuna çıxıb, 21 qol vurub, 20 məhsuldar ötürmə ilə fərqlənib və Fransa çempionluğunu qazanıb.
Hazırada “Transfermarkt” internet-portalı Messini 45 milyon avro məbləğində qiymətləndirir.


