“Liverpul” Makallisterlə şəxsi müqavilə şərtlərində razılığa gəldi

Liverpul” “Brayton”un və Argentina yığmasının yarımmüdafiəçisi Aleksis Makallisterlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Arena.az “90min” portalına istinadən xəbər verir ki, transfer məbləği və bu xüsusda digər təfərrüat hələ müzakirə edilir.

Ancaq “Brayton”dan daha əvvəl verilmiş məlumata görə, “Liverpul” tələb edilmiş məbləği ödəməyə razı olarsa, “qağayılar” Makallisterin transferini müsbət qarşılayacaqlar. Transfer haqqı ilə razılıq əldə edildikdən sonra Makallisterin yeni klubunun təlim-məşq bazasında tibbi müayinədən keçməsi nəzərdə tutulub. Bu, plan üzrə baş verərsə, Makallister yay transfer pəncərəsində “qırmızılar”ın ilk transferi olacaq.

Makallister 2019-cu ilin qışında “Arxentinos Xuniors”dan “Brayton”a keçib və mövsümün yarısını icarə əsasında “qağayılarlar”la, qalan yarısını “Boka Xuniors”da keçirib.

Geridə qalmış mövsüm ərzində Aleksis Makallister “Brayton”un heyətində 40 oyunda 12 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı futbolçunu 42 milyon avro məbləğində dəyərləndirir.

Vurğulayaq ki, bir qədər əvvəl Makallisterin öz dilindən “Brayton”da rahat olması və onu yetişdirmiş klubun bir hissəsi olduğu haqda məlumat da yayılmışdı.

Xatırladaq ki, qarşıdakı 2023/2024 mövsümündə həm “Liverpul”, həm də “Brayton” Avropa Liqasında çıxış edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: