Luis Enrike: “Bu suala ÇL-də finala çıxsaq, cavab verəcəyəm”

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının finalında komandasının “Real”la qarşılaşmasını istərdimi sualını cavablayıb.

Arena.az jurnalist Adrien Qreynerə istinadən, ispan mütəxəssisin müvafiq xüsusda cavabını təqdim edir:

“Əvvəlcə qrupumuzda birinci olan komandanı mübarizədən kənarlaşdırmalıyıq. Yadınızdadırsa, bu, bir ölüm qrupu idi. “Borussiya” da bizim kimi keyfiyyətli komandadır. Bu yarımfinal çox çətin olacaq. “Borussiya”nın da finala çıxmaq istəyi tam olaraq eynidir. Əgər finala çıxsaq, o zaman sizə cavab verəcəyəm”, deyə Luis Enrike bildirib.

Xatırladaq ki, PSJ ilə Dortmund “Borussiya”sı arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu mayın 1-də Dortmundda baş tutacaq. Bu komandaların cavab oyunu isə mayın 7-də Parisdə keçiriləcək.

Komandalar Çempionlar Liqasında hələ yarışın qrup mərhələsində üz-üzə gəliblər. Dortmundda 1:1 heçə-heçə oynamış Fransa nəhəngi Parisdə “Borussiya”nı 2:0 hesabı ilə məğlub edə bilmişdi. Buna rəğmən, “Borussiya” “F” qrupunu 11 xalla 1-ci pillədə başa vurmuş, PSJ isə 8 xalla qrupdan güc-bəla ilə növbəti mərhələyə vəsiqə qazanmışdı.