Mahir Emreli 5 ay sonra meydana çıxdı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Xorvatiya çempionatının 35-ci turu çərçivəsində “Slaven Belupo” ilə qarşılaşıb.

Səfərdə baş tutan bu oyunda “Dinamo” çətin qələbəyə sevinib – 3:2. Zaqreblilər bütün qolları ikinci hissədə vurublar.

Bu ilin yanvar ayında aldığı zədədən sonra yaşıl meydanlara həsrət qalan Mahir də nəhayət ki, bu matçın ikinci hissəsində – 46-cı dəqiqədə meydana buraxılıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.

Növbəti dəfə Xorvatiya çempionu olan “Dinamo” hazırda 35 turdan sonra 81 xalla 10 iştirakçı arasında əlçatmaz zirvədə qərarlaşıb.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 46 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Xəbəri istədiklərinizlə paylaşın