Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreli yaşıl meydanlara qayıdışından söz açıb.
Arena.az xatırladır ki, uzun müddət zədədən əziyyət çəkən Mahir Xorvatiya çempionatının 35-ci turu çərçivəsində ötən gecə baş tutan “Slaven Belupo” ilə matçın 46-cı dəqiqəsində meydana çıxıb.
Görüş “Dinamo”nun qələbəsi (3:2) ilə başa çatıb. Mahir matçdan sonra sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib:
“Beş aydan sonra meydana çıxmağım məni həyəcanlandırdı. Uzun müddətdən sonra oyuna çıxmaq, qələbə qazanmaq çox xoş duyğulardır. İnanılmaz dəstəyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, Mahir bu ilin yanvar ayında ağır zədə almışdı. Bu üzdən də o, beş ay idi yaşıl meydanlardan kənarda qalmışdı.
Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 46 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.



