Mahir Emreli mövsümün son matçında 25 dəqiqə oynadı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Xorvatiya çempionatında 2023/2024 mövsümünün sonuncu – 36-cı turu çərçivəsində “Rudes”lə qarşılaşıb.

Doğma meydanda baş tutan bu oyunda Zaqreb təmsilçisi 1 xalla kifayətlənib – 3:3.

Mahir bu matçın ikinci hissəsində, daha dəqiq desək, 65-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.

Növbəti dəfə Xorvatiya çempionu olan “Dinamo” mövsümü 82 xalla 10 iştirakçı arasında əlçatmaz zirvədə tamamlayıb. Bu komandanın ən yaxın izləyicisi 74 xalla 2-ci olan “Riyeka”dır. Split “Hayduk”u isə 68 xalla bürünc medallara sahib çıxıb.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 47 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Xəbəri istədiklərinizlə paylaşın