Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Praqa “Sparta”sı (Çexiya) klubu ilə üz-üzə gəlib.
Bu komandalar arasındakı ilk oyun Xorvatiya çempionunun meydanında baş tutub. Dörd qolun qeydə alındığı görüşün yekununda futbolçumuzun komandası 3:1 hesablı qələbəyə sevinib.
Mahir bu oyunun 65-ci dəqiqəsində meydana buraxılıb. Lakin onun meydana çıxmasından sonra hesabda heç bir dəyişiklik olmayıb.
Bu komandalar arasındakı cavab görüşü avqustun 31-də Çexiyada keçiriləcək.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 29 matça çıxıb, 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub.



