Mahir Emrelinin komandası əsas rəqibini səfərdə yendi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə çempionatının 33-cü turu çərçivəsində çempionluq uğrundakı əsas rəqibi “Riyeka” ilə qarşılaşıb.

Səfərdə baş tutan bu oyun “Dinamo”nun əzmkar qələbəsiylə yekunlaşıb. Mahir Emrelinin komandası 50-ci dəqiqədə penaltidən buraxdığı qolla məğlub duruma düşüb. Amma 75 və 89-cu dəqiqələrdə iki qol vuran Zaqreb təmsilçisi növbəti çempionluq yoluna çox önəmli bir addım atıb.

Azərbaycanlı futbolçu bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan Emreli zədəli olduğu üçün komandasına kömək edə bilməyib. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Son Xorvatiya çempionu olan “Dinamo” 33 oyuna topladığı 75 xalla 10 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb. “Riyeka” isə 71 xalla 2-ci pillədə qalıb.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Xəbəri istədiklərinizlə paylaşın