Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv Avropa Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində Yunanıstanın PAOK komandası ilə qarşılaşıb.
Zaqreb təmsilçisi bir həftə öncə baş tutan ev oyununda bu rəqibinə 2:0 hesabıyla qalib gəlmişdi. Lakin Yunanıstanda PAOK-a böyük hesabla uduzan xorvatlar mübarizəni dayandırıblar – 1:5.
Azərbaycanlı futbolçu bu matçın iştirakçısı olmayıb. Zədədən sonra bərpa dövrü keçən Mahir Emrelinin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.



