Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya kubokunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində lider “Qoritsa” ilə qarşılaşıb.
Doğma meydanda baş tutan bu oyun “Dinamo”nun qələbəsiylə yekunlaşıb – 4:0. Mahir Emrelinin komandası qələbəni və yarımfinala vəsiqəni hər hissədə iki qol vurmaqla təmin edib.
Emreli bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan azərbaycanlı futbolçu zədəli olduğu üçün komandasına kömək edə bilməyib. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Son Xorvatiya çempionu olan “Dinamo” ölkə çempionatında da 24 turdan sonra 47 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış daha bir oyunu da var. Lider “Riyeka” 50 xal toplayıb. Split “Hayduk”u isə 49 xalla ikincidir.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.



