Mahir Emrelinin komandası “Qoritsa”nı xalsız yola saldı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə çempionatının 21-ci turu çərçivəsində “Qoritsa” ilə qarşılaşıb.

Doğma meydanda baş tutan bu oyun “Dinamo”nun inamlı qələbəsiylə yekunlaşıb – 2:0.

Emreli bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan azərbaycanlı futbolçu zədəli olduğu üçün komandasına kömək edə bilməyib.

Son Xorvatiya çempionu olan “Dinamo” 21 turdan sonra 40 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış daha bir oyunu da var.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Xəbəri istədiklərinizlə paylaşın