Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Xorvatiya çempionatının 2023/2024 mövsümündə ilk matçını keçirib.
Yeni mövsümün açılış matçında Zaqreb “Dinamo”su Split “Hayduk”u ilə üz-üzə gəlib. Son Xorvatiya çempionu bu rəqibini doğma meydanda qəbul edib. Qarşılaşmada hesabı da zaqreblilər açıblar. 35-ci dəqiqədə yeni mövsümün ilk qoluna imza atan Bruno Petkoviç 65-ci dəqiqədə penaltini boşa verib. Split təmsilçisi bunu meydan sahiblərinə bağışlamayıb. Belə ki, 74-cü dəqiqədə bərabərlik qolunu vuran “Hayduk” 90+3-cü dəqiqədə əzmkar qələbəni rəsmiləşdirib.
Mahir mövsümün ilk matçının iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 23 matça çıxıb və 5 qol vurub.
Onu da qeyd edək ki, Mahir Emrelinin komandası bir neçə gün öncə Split “Hayduk”u ilə Xorvatiya Super Kuboku uğrunda oyunda da üz-üzə gəlmiş və 1:0 hesablı qələbə sayəsində növbəti titulunu qazanmışdı.



