Futbol üzrə Türkiyə millisinin hücumameyilli yarımmüdafiəçisi, “Fənərbağça”nın kapitanı Mert Hakan Yandaş cəzalandırılıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, qanunsuz mərc oyunlarında iştirak etməsi səbəbindən 31 yaşlı yarımmüdafiəçi bir il müddətinə diskvalifikasiya edilib.
Xatırladaq ki, Hakan Yandaş bir müddət əvvəl sözügedən məsələyə görə həbs olunmuş, daha sonra azadlığa buraxılmışdı.
Mert Hakan Yandaş 2020-ci ilin avqust ayından “Fənərbağça”nın uğurları üçün çalışır. Onun İstanbul klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. Yarımmüdafiəçi bu komandanın heyətində 149 oyuna çıxıb, 11 qol və 25 məhsuldar ötürmə müəllifi olub.
Mert karyerası ərzində “Sivasspo”, “Bucaspor”, “Menemen”, “Yeşil Bursa”, “Altınordu” kimi klubların da formasını geyinib. O, 2020-ci ildə Türkiyə millisində də 1 oyun keçirib, lakin sonralar forma şansı qazanmayıb.


