Milli komandaların oyunlarına görə çempionatda yaranmış fasilədən istifadə edən “Neftçi” və “Qəbələ” komandaları yoxlama oyunu keçiriblər. Arena.az xəbər verir ki, sözügedən kollektivlər “Türk Hava Yolları Futbol Mərkəzi”ndə üz-üzə gəliblər.
“Ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf bu oyunda aşağıdakı start heyətə güvənib: 1. İvan Brkiç, 2. Mert Çəlik, 6. Voyislav Stankoviç, 26. Ömər Buludov, 37. Elton Əlibəyli, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 5. Kenni Sayef, 21. İsmayıl Zülfüqarlı, 9. Mateus Saldanya, 22. Kilan Lebon.
Əyalət təmsilçisinin baş məşqçi Elmar Baxşıyev isə aşağıdakı start “11-liy”inə şans verib: 36. Elməddin Sultanov, 4. Ruan Renato, 27. Məqsəd İsayev, 6. Feras Abu Akal, 5. İsnik Alimi, 11. Asif Məmmədov, 91. Ramon Maçado, 7. Rövlan Muradov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 10. Omar Hani.
Oyuna gəlincə, üç qolun vurulduğu görüş paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. “Neftçi”nin heyətində 73-cü dəqiqədə penaltidən Vato Arveladze fərqlənib. “Qəbələ”nin qollarını isə Ramon Maçado (37-ci dəqiqə) və Omar Hani (64-cü dəqiqə) vurublar.
Qeyd edək ki, hazırda turnir cədvəlində 56 xalla üçüncü olan “Neftçi” Premyer Liqada yaranmış fasilə bitəndən sonra ilk rəsmi oyununa aprelin 1-də çıxacaq. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” ilə görüş saat 19:30-da başlanacaq. 36 xalla 5-ci pillədə qərarlaşmış “Qəbələ” isə aprelin 2-də “Sabah”ın qonağı olacaq. Bu oyuna da saat 18:00-da start veriləcək.


