“Omoniya” – “Qəbələ”nin rekordçu rəqibi

Azərbaycan kubokunun qalibi “Qəbələ” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Omoniya” komandası ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, Nikosiya şəhərini təmsil edən bu komandanın əsası 1948-ci ildə qoyulub.

75 yaşlı klub ev oyunlarını 22 min 859 tamaşaçı tutan “GSP Stadium”da keçirir.

“Omoniya” Kiprin ən titullu klublarından biridir. Nikosiya təmsilçisi 21 dəfə ölkə çempionu olub və 16 dəfə kuboku qazanıb. “Ağ-yaşıllar” Kipr Super Kubokunu da rekord sayda – 17 dəfə əldə edib.

“Qəbələ”nin rəqibi Kipr çempionatının yüksək liqasını heç vaxt tərk etməyən üç klubdan biridir. Nikosiyalıların hesabında üç “tripl” (çempionluq, kubok, super kubok) və beş dubl (çempionluq, kubok) var. Sonuncu dəfə 2020/2021 mövsümündə qızıl medal qazanan “Omoniya” son iki ildə Kipr kubokuna sahib çıxıb.

Komandanın avrokuboklardakı debütü 1965/1966 mövsümünə təsadüf edib. Uzun illər nikosiyalılar uğura həsrət qalıb, ən yaxşı halda bir mərhələ adlayıb. Lakin son illərdə bu klub azarkeşlərini Avropada da sevindirməyə nail olub. Son üç ildə komanda iki dəfə Avropa Liqası, bir dəfə Avropa Konfrans Liqasında qrup mərhələsinə qədər irəliləyib. Nikosiyalılar Azərbaycan klubları ilə də görüşüb. “Omoniya” iki il əvvəl Avropa Konfrans Liqasının qrupunda “Qarabağ”la görüşlərdə bir xal əldə edib – 1:4, 2:2.

2023-cü ilin fevralından Sofronis Avqustinin çalışdırdığı bu komanda ötən mövsüm ölkə çempionatında 6-cı yeri tutub. Kubokun finalında isə AEL üzərində 1:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, “Qəbələ” və “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: