Orkun Kökçü “Feyenoord”u “Benfika”ya dəyişdi – Rəsmi

Futbol üzrə Türkiyə milli komandasının yarımmüdafiəçisi Orkun Kökçü kapitanı olduğu Niderlandın “Feyenoord” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu bundan sonra karyerasını Portuqaliyanın “Benfika” klubunda davam etdirəcək.

Bu barədə onun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Orkunun transferi “Benfika”ya 25 milyon avroya başa gəlib. Türkiyəli futbolçunun özü ilə də 5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Orkun Kökçü peşəkar karyerasına 2018-ci ildə məhz “Feyenoord”da başlayıb. O, bu komandanın heyətində 175 oyun keçirib, 32 qol vurub, 27 məhsuldar ötürməyə imza atıb. Orkun geridə qalan mövsümdə bütün turnirlər çərçivəsində 46 oyun keçirib. O, bu görüşlərdə 12 qol vurub, 5 assist edib və “Feyenoord”un Niderland çempionu olmasında əsas pay sahiblərindən birinə çevrilib. Rotterdam təmsilçisinin kapitanını Avropa klublarından bir çoxu heyətində görmək istəsə də, o, “Benfika”nın təklifini qəbul edib.

Orkun 2020-ci ildən formasını geyindiyi Türkiyə millisində də 20 oyun keçririb, 2 qola imza atıb.

Sonda onu da xatırladaq ki, Orkun Azərbaycan millisində forma geyinən Ozan Can Kökçünün qardaşıdır. Millimizin üzvü hazırda Niderlandın “Eyndhoven” klubunun formasını geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: