İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Pedri zədə səbəbindən təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda Çexiya təmsilçisi “Slaviya”ya qarşı keçirdikləri matçda zədələnib. O, 4:2 hesablı qələbəyə sevindikləri qarşılaşmanın 61-ci dəqiqəsində əvəzlənib. Futbolçunun sağ ayağının bud əzələsindən zədə aldığı təsdiqlənib.
Pedri futbola “Teqeste” klubunda qədəm qoyub, buradan “Xuventud Laquna”ya keçib. Ardınca “Las Palmas”a yol tapmış futbolçu məhz burada təkmilləşib. İspan yarımmüdafiəçi “Barselona”ya elə, “Las Palmas”dan 2020-ci ilin iyulunda icarə müqaviləsinin başa çatması ilə qoşulub. Yarımmüdafiəçinin “blauqrana” ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Pedri “Barselona”nın heyətində 25 oyuna çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin “Barselona” karyerası ümumilikdə 227 oyun, 28 qol və 29 məhsuldar ötürmədən ibarətdir.
Pedri 2021-ci ilin mart ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 38 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Pedrinin qənimətlər muzeyində “Barselona” ilə İspaniya La Liqası çempionluğu (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2020/2021), İspaniya Super Kuboku (2022/2023, 2024/2025) var. O, həmçinin İspaniya yığması ilə 2024-cü il Avropa çempionatının qalibi olub, eləcə də 2020-ci il Yay Olimpiya Oyunlarının futbol yarışında gümüş medal qazanıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı ispan mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.


