Petar Suçiç “İnter”də!

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun mərkəz yarımmüdafiəçisi Petar Suçiç bundan sonra Milan “İnter”inin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, A Seriyasının geridə qalmış mövsümündə çempionluğu son anda əldən vermiş, UEFA Çempionlar Liqasının finalında məğlub olmuş “İnter” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Milan təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Petar Suçiçi heyətinə cəlb edib.

Zaqreb “Dinamo”sundan transfer olunun 21 yaşlı futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb. Futbolçunun transfer qiymətinin 14 milyon avro olduğu bildirilir.

Xatırladaq ki, Petar başa çatmış mövsümdə Xorvatiya çempionatında 32 oyunda 7 qol və 4 ötürmə ilə yadda qalıb. O, 2022-ci ilin yanvarından formasını geyindiyi “Dinamo”da bütövlükdə 75 oyun keçirib, 9 qol və 6 assistlə yadda qalıb.

Bosniya və Herseqovinada dünyaya göz açmış Suçiç “İskra”nın yetirməsidir. O, daha öncə Bosniya və Herseqovina nəhəngi “Zrinski”də (Mostar) də forma geyinib.

Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında da oynamış Petar sonradan Xorvatiya millisində forma geyinməyə qərar verib. Belə ki, “İnter”in yeni transferi 2024-cü ilin sentyabr ayında Xorvatiya yığmasında debüt edib. Gənc futbolçu indiyə qədər bu komandanın heyətində 7 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Xəbəri istədiklərinizlə paylaşın