PSJ Kristof Qaltye ilə vidalaşır

Fransa çempionu PSJ-nin baş məşqçisi Kristof Qaltye qazandıqları uğura baxmayaraq, cari mövsümün sonunda vəzifəsini tərk edəcək.

Arena.az “L’Équipe”ə istinadən xəbər verir ki, Paris klubunun çempionatın sonuncu turunda “Klermon”la oyunu, fransız mütəxəssis üçün komandanın sükanı arxasında sonuncu olacaq.

Klub tezliklə Kristof Qaltye ilə əməkdaşlığa xitam verdiyini elan edəcək.

Məlumatda vurğulanır ki, yaxın günlərdə PSJ yeni baş məşqçi axtarışı istiqamətində fəaliyyətini sürətləndirəcək.

Qaltyenin parislilərlə cari müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. 56 yaşlı mütəxəssisinin rəhbərliyi altında PSJ Fransa çempionluğunu və super kubokunu qazanıb. Komanda həmçinin Çempionlar Liqasının 1/8 finalına yüksəlib.

Xatırladaq ki, PSJ üçün mövsüm bu gün Liqa 1-in 38-ci turu çərçivəsində “Klermon”a qarşı keçirəcəyi oyunla bitəcək.

Fransa nəhəngi ötən yay Maurisio Poçettinonun rəhbərliyi altında da ölkə çempionu olmasına baxmayaraq, baş məşqçisini istefaya göndərmiş və onu Qaltye ilə əvəz etmişdi. Həmin vaxt da istefaya komandanın UEFA Çempionlar Liqasında uğur qazana bilməməsi səbəb göstərilmişdi.