PSJ “Real”ı darmadağın etməklə klub rekordunu yenilədi

2025-ci il FIFA Klub Dünya Kubokunun yarımfinalında “Real” üzərində 4:0 hesablı qələbə Fransa nəhəngi PSJ üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu möhtəşəm qələbə sayəsində Fransa nəhəngi klubun bir mövsüm ərzindəki qələbə sayı üzrə rekordunu yeniləyib.

“Real”ı darmadağın etməklə, Paris klubu 2024/2025-ci illər mövsümündə 64-cü oyunda 49-cu qələbəsini qazanıb. Cari mövsümdəki nəticəyə qədər, bu komandanın ən yaxşı nəticəsi 2015/2016-cı illər mövsümündə qeydə alınmışdı. O vaxt fransız mütəxəssis Loran Blanın kollektivi mövsümün 59 oyununda 47 qələbə qazanmışdı.

Cari mövsümdə PSJ Fransa Liqa 1-də 26 qələbə, Çempionlar Liqasında 11 qələbə, Fransa Kubokunda 6 qələbə, 2025-ci il FIFA Klub Dünya Kubokunda 5 qələbə, Fransa Super Kubokunda isə 1 qələbə qazanıb.

Əlavə edək ki, PSJ tarixən ən parlaq dövrünü yaşayır. Paris klubunun müvəffəqiyyəti ümumiyyətlə Fransanın klub futbolu tarixində ən yaxşı nəticədir. Komanda cari mövsümdə iştirak etdiyi bütün yarışlada – Fransa çempionatı, ölkə kuboku, ölkə superkuboku və Çempionlar Liqasında qalibiyyət əldə edib.
Klublararası dünya çempionatının finalına vəsiqə qazanmış PSJ həlledici oyunda “Çelsi” ilə qarşılaşacaq. Göründüyü kimi, Fransa nəhəngi zəfər yürüşünü növbəti qalibiyyətlə davam etdirə bilər.

Xatırladaq ki, yarışın final oyunu iyulun 13-də ABŞ-ın Nyu-Cersi ştatının Bergen dairəsinin İst-Raterford borosunun “Metlayf” stadionunda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: