“Qarabağ” “Dinamo” ilə matçda möcüzəyə nail ola biləcək?

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündə növbəti sınağına çıxacaq.

Arena.az xəbər verir ki, Ağdam klubu bu turnirin pley-off mərhələsi çərçivəsində Xorvatiyanın “Dinamo” komandası ilə qarşılaşacaq.

Zaqreb təmsilçisi ilə ilk oyun səfərdə baş tutub və Azərbaycan çempionunun məğlubiyyəti ilə yekunlaşıb – 0:3. Bu üzdən də Qurban Qurbanovun çalışdırdığı komanda Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün cavab görüşündə möhtəşəm əzmkarlıq nümayiş etdirməlidir. Bakıdakı oyunu İngiltərədən olan tanınmış FIFA referisi Maykl Oliver idarə edəcək.

Qeyd edək ki, bu, Azərbaycan və Xorvatiya klubları arasında 4-cü avrokubok duelidir. Ağdam klubu ilk dəfə belə qarşılaşmada iştirak edir. “Dinamo” isə əvvəlki duellərdə klublarımıza rəqib olub. Zaqreb klubu iki dəfə Çempionlar Liqasında təmsilçimizlə görüşüb. 2007/08 mövsümündə 1-ci təsnifat mərhələsində “Xəzər Lənkəran” yalnız səfərdəki əlavə vaxtda rəqibinə uduzub – 1:1, 1:3 (əlavə vaxtda). Dörd il sonra Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” “Dinamo” ilə görüşüb. Xorvatiyalılar yenə evdəki qələbə ilə tur adlayıb – 3:0, 0:0. Digər duel isə elə bu mövsüm “Zirə” ilə “Osiyek” arasında baş tutub və təmsilçimizin xeyrinə yekunlaşıb.

“Dinamo” Çempionlar Liqasındakı mübarizəsinə məhz bu mərhələdən start verib. “Qarabağ” isə avrokubok mövsümünə turnirin 2-ci təsnifat mərhələsindən başlayıb. Qurban Qurbanovun yetirmələri startda “Linkoln”u (Cəbəllüttariq) mübarizədən kənarlaşdırmışdılar. Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində də “Ludoqorets”i (Bolqarıstan) yolundan kənarlaşdırıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu
28 avqust

“Qarabağ” – “Dinamo” (Zaqreb)
Baş hakim: Maykl Oliver.
Baş hakimin köməkçiləri: Stüart Burt, Li Betts.
Dördüncü hakim: Kris Kavanaq
VAR hakimləri: Stüart Attvell, Timoti Vud (Hakimlər briqadası İngiltərədəndir).
Hakim-inspektor: Peter Sippel (Almaniya).
UEFA nümayəndəsi: Balaş Makray (Macarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:45.
İlk oyun – 0:3.

Xəbəri istədiklərinizlə paylaşın