Azərbaycan çempionu “Qarabağ” və Türkiyənin “Qalatasaray” klublarının rəhbərliyi arasında növbəti görüş baş tutub. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çəlikəl sosial şəbəkə hesabında paylaşım edib.
Tərəflər bu dəfə İstanbul klubunun ev oyunlarını keçirdiyi “Nef” stadionunda bir araya gəliblər. Görüşdə Ağdam klubunun direktoru Emrah Çəlikəl ilə yanaşı, baş menecer Asif Əsgərov, Marketinq və PR departamentinin rəhbəri Yusif Cəfərov, Beynəlxalq Münasibətlər üzrə menecer Vüsal Həsənov da iştirak ediblər. “Qalatasaray”ı sözügedən görüşdə klub prezidenti Dursun Özbək, idarə heyətinin üzvü Emin İmanov və “sarı-qırmızılar”ın digər məsul əməkdaşları təmsil ediblər.
Görüş zamanı Ağdam klubunun nümayəndələri “Qalatasaray”ın bazası və akademiyası ilə tanış olub, fikir mübadiləsi aparıblar. Görüşdə klubların birgə əməkdaşlığı ilə bağlı gələcək planlar da müzakirə olunub.
Gələcək planlarla bağlı məlumat verilməyib. Amma böyük ehtimalla bu görüşdə Türkiyə və Azərbaycan təmsilçilərinin qardaşlaşmış klub olmaq planları müzakirəyə çıxarılıb. Məsələ burasındadır ki, “Qalatasaray”ın prezidenti Dursun Özbək bu komandalar arasında Bakıda təşkil olunmuş yoldaşılıq matçı ərəfəsində “Qarabağ”la qardaş klub olacaqlarını açıqlamışdı. Həmçinin bu komandalar arasında İstanbulda da bir yoldaşlıq görüşünün keçiriləcəyi bildirilmişdi. Güman ki, bu məsələlərlə bağlı ciddi bir irəliləyiş olacağı halda klublar tərəfindən rəsmi açıqlama veriləcək.
Xatırladaq ki, “Qarabağ” və “Qalatasaray” arasında martın 26-da Bakı Olimpiya Stadionunda xeyriyyə xarakterli yoldaşlıq oyunu keçirilmişdi. Həmin oyun İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi.