“Qarabağ”ın daha bir rəqibi bəlli oldu – “Köhnə tanış”la üz-üzə

2023/2024 mövsümünə Avstriyada hazırlaşacaq Azərbaycan çempionu “Qarabağ”ın bu ölkədəki rəqiblərindən daha biri bəlli olub.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Tirolda Macarıstanın “Ferentsvaroş” komandası ilə də qarşılaşacaq.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, sözügedən komanda ilə sınaq matçı iyunun 27-də baş tutacaq.

Azərbaycan çempionu Polşanın “Legiya” komandası ilə qarşılaşacağını təsdiqləyib. Ötən gün bunu Polşa klubu açıqlamışdısa, bu gün Ağdam təmsilçisi də rəsmən təsdiqləyib. Bu rəqiblə qarşılaşma isə iyulun 1-də baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, “Legiya” Polşa çempionatında ötən mövsümü 66 xalla ikinci pillədə başa vurub. Azərbaycanlı futbolçu Mahir Emrelinin sabiq komandası çempion “Rakuv”dan 9 xal geri qalıb. “Qarabağ”da isə “Legiya”nın sabiq futbolçusu Marko Veşoviç çıxış edir.

“Ferentsvaroş” isə geridə qalan mövsümdə 33 oyuna 64 xal toplayaraq Macarıstan çempionu olub. Bu komandada Ağdam klubunun sabiq hücumçusu Kvabena Ovusu çıxış edir.

“Ferentsvaroş” Azərbaycan çempionu üçün tanış rəqibdir. Bu komandalar ötən mövsüm UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlmişdilər. Bakıdakı oyun 1:1 hesabıyla bitmişdisə, səfərdə 3:1 qalib gələn ağdamlılar mərhələ adlayan tərəf olmuşdular.

Xatırladaq ki, “Qarabağ” Avstriyaya iyunun 22-də yollanacaq. Qurban Qurbanovun komandası yeni mövsümün hazırlığına iyunun 11-dən başlayıb. Hazırda Bakıda məşq keçən komandanın Avstriya toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Üçüncü rəqibin kimliyinə daha sonra aydınlıq gələcək.

Ağdam klubunu qarşıda UEFA Çempionlar Liqasında mübarizə gözləyir. Komandamız ÇL-də mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin ilk oyunları 11-12, cavab görüşləri isə 18-19 iyulda keçiriləcək. Azərbaycan çempionunun rəqibi iyunun 20-də atılacaq püşkdə müəyyənləşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: