Azərbaycanın yunan-Roma güləşi üzrə yığmasının üzvü Qurban Qurbanov Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 130 kq-da qaliblər müəyyənləşib.
Azərbaycan milli komandasının 4 üzvü fəxri kürsüyə qalxıb.
Nihad Quluzadə (60 kq) finalda türkiyəli Mert İlbarsa 1:2 hesabıyla məğlub olub və gümüş medalla kifayətlənib.
Ruslan Nurullayev (72 kq) bolqarıstanlı Petar Qornyaşkiyə 7:4 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.
Qurban Qurbanov (82 kq) həlledici görüşdə rusiyalı İslam Əliyevdən güclü olub – 8:2. Bununla da Qurban karyerasında ikinci dəfə U-23 Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Murad Əhmədiyev (97 kq) isə finlandiyalı Aapo Viitalaya tam üstünlüklə (11:0) qalib gələrək yarışı bürünc medalla başa vurub.
Xatırladaq ki, əvvəlki iki gündə Azərbaycan millisinin üzvləri 4 mükafat qazanmışdılar. Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıblar.
Ümumilikdə isə Azərbaycanın yunan-Roma güləşçiləri U-23 Avropa çempionatını 3 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurublar.


