“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 28-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü Ağdam təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Sabah”ı təbrik edirəm. Onlara uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Əvvəlki oyunlar daha bolqollu olmuşdu. Bu gün də yaxşı mübarizə oldu, sonluqlar çatmadı. Daha yaxşı oynamalıydıq, daha yaxşı oynaya bilərdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. “Sabah” qalibiyyəti haqq etdi. Qarşıda sıx qrafikimiz var. Pozitiv notlarla irəliyə baxmalıyıq. Komandanın əvvəlki istəyini, oyun intizamını geri qaytarmalııq.
Bəzi oyunçuların performansında çatışmazlıqlar var idi. Məşqlər pis getmir. Bəli, bir az çatışmazlıqlar, gərginliklər var. Bunu səbəb olaraq demək istəmirəm. Çempionlar Liqasında yaxşı nəticələr oldu. Yenidən çempionata köklənə, öz tempimizi geri qaytara bilmədik. Burada bəzi səbəblər var. Sanki daha çox bir yerdə məşq etməyimizə ehtiyac var idi. Amma neçə ay idi 3-4 gündən bir oyuna çıxırdıq. Oyun keyfiyyətimiz əvvəlki kimi deyildi. Bu, səbəb deyil, sadəcə, bizə mane olan məqamlardan biridir. İllər boyu bu cür oynamışıq. “Sabah” hazırda daha aktivdir, kompleks olaraq daha hazırlıqlıdırlar. Çempionatda get-gedə hamı bir-birini tanıyır. Bir komandaya qarşı bir neçə oyun keçirdikdə, ona qarşı daha inamlı olursan. Biz çempionata istədiyimiz kimi hazır ola bilmədik. Sanki bütün fikir ÇL-ə yönəlmişdi. Hər iki cəbhədə öz oyunmuzu qoruyub-saxlaya bilmədik. Görünən odur ki, mən yox, kollektivdə psixoloji olaraq yorğunluq var. Normal haldır. Dünya təcrübəsində də var. Önə pozitiv baxmalı, çatışmazlıqları aradan qaldırmalıyıq”.
“Bəlkə də oyunçularımı daha çox incələməliyəm…”
Qurban Qurbanov Sami Mmaedən sonra Abbas Hüseynov və Elvin Cəfərquliyevin də əvəzedici heyətə göndərilməsinə belə aydınlıq gətirib:
“Bu günə kimi bağışlaya-bağışlaya kimi gəlmişik. Özümüz də bu yolu keçmişik, özümüz də futbolçu kimi səhv etmişik, cərimələnmişik. Bundan nəticə çıxarmışıq. Oyunçular ayrı-arılıqda bu cür rəqiblərə qarşı, bu cür yükün altına girməyi düşünmürlər ki, bizi qarşıda hansı vacib oyunlar gözləyir. Məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox detallar var. İlk hal deyil, bəzi oyunçuları cərimələmişik. Qarşıdakı gedişata baxacağıq. Çox futbolçunu bu günə qədər bağışlamışıq. Mən istənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunun belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin üçün orada oturma, burada otur, o çağrsın-bu çağırsın… ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyunda yüksək performans o demək deyil ki, missiyan tamamlandı. Bu, “Qarabağ”dır. Bir-iki oyun udursan, bir itirilmiş xal sənə mane olur. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı “Qarabağ”dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özlərinə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək, çempionatı belə yola verməli deyilik. Bu gün mən oyundan razı qalmadım. Uduzduğumuz əvvəlki matçdan razı qalmışdım. Bu oyundan öncə 4-5 məşq etmişdik. Bəlkə də oyunçularımı daha çox incələməliyəm…”
Qurban Qurbanov Sami Mmaenin artıq Zaqreb “Dinamo”suna geri qayıtdığı barədə xəbərlərə də aydınlıq gətirib:
“Onu əvəzedici heyətə göndərmişdik. Klubu ilə razılığa gəliblər. Zaqrebə hələ qayıda bilməz. Razılığa gəldik ki, bizim əvəzedici heyətdə məşq etməyə də bilər. Qarşılıqlı imza atılıb ki, bir-birimizə etirazımız yoxdur”.


