Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) bu uğurunu şərh edib.
Arena.az xəbər verir ki, millimizin bu gün medal qazanmış digər üzvləri də bununla bağlı açıqlama veriblər.
Qurban Qurbanov: “Ötən il bu yarışda 72 kq-da 1-ci yer tutmuşdum. Bu dəfə daha ağır çəkidə mübarizə apardım ki, bu da çətinlik yaradır. Yenisinə uyğunlaşmaq üçün vaxt lazımdır. Rəqiblər fərqlidir, onlar dəyişir. Belədə sən də dəyişməyə məcbursan. 82 kq-da oturuşmuş güləşçilər vardı. Onlardan qızıl medalı almaq asan deyil. Bütün hisslər müvəqqətidir, sevinc də həmçinin. Artıq növbəti yarışlara köklənmək lazımdır. Fikrimcə, daha böyük arenalar üçün nəinki vaxt çatıb, hətta vaxt ötüb. Məşqçilərə inanırıq, onlara təşəkkürümü bildirirəm. Başda şəxsi məşqçim Turac Hüseynli olmaqla. Finalda rəqibin kobudluğunu adi hal kimi qiymətləndirirəm. Ola bilsin, hisslərini cilovlaya bilməyib. İdmanda normal haldır. Hakimlər bunu gördü və anında reaksiya verdilər”.
Nihad Quluzadə: “Çəkimi təzə dəyişmişdim. İlk dəfə yeni çəkidə finala çıxdım. Son U-23 dünya çempionatında uduzmuşdum. Bu dəfə artım var. Amma yenə də, xırda səhvlər var, onun üzərində işləyəcəyik. Həlledici məqamda üstünlük yaxalamışdım. Tələskənlik üzündən fürsəti əldən verdim. Orada gözləməliydim, ancaq vaxtından əvvəl hərəkət etdim. Qarşıdakı yarışlarda bu itkiləri aradan qaldırmağa çalışacağam”.
Ruslan Nurullayev: “Bu nəticəni gözləyirdim. Avropa çempionatına 99 faiz hazır idim. Pik vəziyyətdəydim. Bir az təcrübəsizlik, bir az da tələslənlik uzündən finala çıxa bilmədim. Qarşıda bizi daha 2 məsul sınaq gözləyir. İnşallah, gələn yarışlarda bu səhvlər olmayacaq və bürünc medal qızıl ilə əvəzlənəcək. Üzərimdə bütün məşqçilərin əməyi var, onlara təşəkkürümü bildirirəm”.
Murad Əhmədiyev: “İlk qarşılaşmada Belarus idmançısına uduzdum. O, finala adladı və mən təsəlliverici görüşə qatıldım. Allaha çox şükürlər olsun, onu keçib bürünc medal qarşılaşmasında fürsəti qaçırmadım. İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat turnirində də uğur qazanacaqdım. O zaman çox çəki salmışdım. Keçən dəfə bu yarışda çempion olmuşdum. Bu dəfə 3-cü yerlə kifayətləndim. U-23 dünya çempionatında qızıl medal qazanmaq lazımdır”.


