“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, o, matçdan (0:0, penaltilər 4:5) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqibi təbrik edirəm. Maraqlı oyun alındı. Futbolçularımdan razı qaldım. Son vaxtlarda çox yüklənmişik. Futbolçulara irad bildirmək istəmirəm. Çox əziyyət çəkir, yorulurlar. Qarşıda vacib oyunlarımız var. Onları bu oyunlara hazırlamalıyıq. Finaldakı komandalara uğurlar arzu edirəm.
Mahir Emrelini penalti vuranların siyahısına yazmışdım. Hətta Şahruddin Məhəmmədəliyevi də 8-ci yazmışdım. 9 penalti olsaydı, Mahir vuracaqdı.
Mahirin, həmçinin Abdullah Zubirin ilk dəqiqələrdən meydanda olmamasına gəlincə, Emreli zədədən yeni çıxıb. Bu gün o 30 dəqiqə oynaya bilərdi. Əlavə vaxtın onun üçün artıq olacağını düşünürdüm. 60 dəqiqəyə yaxın oynadı. Bəzi oyunçuları qoruyub saxlamalı idik. Bəzi oyunçular var idi ki, istəməzdim bu gün 90 dəqiqə meydanda qalsınlar. Qarşıdakı matçlara görə onları qorumaq istəyirdim. Çünki qarşıda vacib matçlar var.
Şahruddinə gəlincə, hazırlığı pis deyildi, məşqlərini edirdi. Onun uzun müddət kənarda qalmasını istəmirdim. Bizdə xahişlə oyuna çıxmaq olmur”.


