Futbol üzrə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyev peşəkar karyerasını bitirməyə qərar verib.
Arena.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçunun sonuncu klubu – “Səbail” sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, 2018-ci ildən etibarən “Səbail”lə birgə addımlayan Əmirquliyev futbolçu karyerasını bitirmək qərarına gəlib:
“Əsl peşəkar, böyük kapitan və gözəl insan, klubumuz və ümumilikdə, futbolumuz üçün etdiklərin unudulmayacaq! Azərbaycan Premyer Liqasının və “Səbail”in heyətində ən çox oyun keçirən futbolçu kimi klubumuzun tarixində önəmli bir səhifə olaraq qalacaqsan”.
Paytaxt klubu onu da bəyan edib ki, hazırda veteran oyunçunun karyerasını “Səbail”də digər ampluada davam etdirməsi ilə bağlı danışıqlar aparılır.
Xatırladaq ki, Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında 457 oyunda meydana çıxıb və bunun 120 oyunu “Səbail”in payına düşür. O, bu oyunlarda 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Əmirquliyev “Səbail”dən öncə “Xəzər Lənkəran”da (186 oyun, 13 qol) və “Qarabağ”da (45 oyun, 4 qol, 2 assist) da forma geyinib. Rahid Azərbaycan milli komandasında keçirdiyi 60 oyunda isə 3 qolla yadda qalıb.


