“Çelsi”nin sol vingeri, 29 yaşlı hücumçu Rahim Sterlinq yenidən İngiltərə yığma komandasına qayıtmaq istədiyini bildirib.
Arena.az Sterlinqin bu barədə fikrini təqdim edir:
“Əlbəttə, mən İngiltərə yığmasında oynamağı sevirəm. Bu, yaşaya biləcəyiniz ən yaxşı duyğulardan biridir.
İngiltərə yığmasına qayıtmağı səbirsizliklə gözləyirəm, bu, dəqiqdir”, deyə Sterlinq vurğulayıb.
Xatırladaq ki, Sterlinq 2012-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə milli komandasında 82 matça çıxıb. O, bu oyunlarda 20 qol vurub, 27 məhsuldar ötürmə müəllifi olub. Rahim İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.
Rahim Sterlinq 2022-ci ilin iyul ayından “Çelsi”də çıxış edir. Təcrübəli futbolçu London klubunun heyətində 81 oyuna çıxıb, 19 qol vurub, 12 assistlə yadda qalıb. Sterlinqin “zadəganlar”la 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Sterlinq “Liverpul”un yetirməsidir. O, 2012-2015-ci illər ərzində məhz bu klubun əsas komandasında çıxış edib. 2015-ci ilin yayında isə futbolçu “Mançester Siti”yə transfer olunub. O, “şəhərlilər”in heyətində keçirdiyi 8 mövsüm ərzində 339 matça çıxıb, 131 qola imza atıb.