Rauf Əliyev, Əfran İsmayılov və Mixeil Erqemlidze Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” klubunu tərk ediblər. Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti klubun sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, hər üç futbolçu ilə bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, hər üç futbolçu “Kəpəz”ə 2022/23 mövsümünün əvvəlində cəlb olunmuşdu. Onların klubla bu mövsümün sonuna kimi müqaviləsi vardı. Lakin baş məşqçi Tərlan Əhmədov qış fasiləsində Erqemlidzenin ona lazım olmadığını rəhbərliyə bildirib. Bu üzdən də gürcü hücumçu komandadan göndərilib. O, “Kəpəz”də 17 oyuna 3 qol vurub.
Mixeil Erqemlidze 2021-ci ilin avqust ayından 2022-ci ilin yayına kimi “Sabah”da çıxış edib. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 12 oyunda heç nə ilə yadda qalmayıb. Gürcü hücumçu ölkəsində “Dinamo” (Tiflis), “Qaqra”, “Çixura” kimi klubların da formasını geyinib.
Tərlan Əhmədov onların karyeralarının sonunu gətirdi
Rauf Əliyevlə Əfran İsmayılov isə baş məşqçi Tərlan Əhmədovla münaqişə səbəbindən xeyli müddət öncə əsas komandadan kənarlaşdırılmışdı. Rauf hətta mövsümün əvvəlində Tərlan Əhmədov baş məşqçi yenicə təyin olunarkən onunla mübahisə etmiş və əvəzedici heyətə göndərilmişdi. Əvəzedici komandada kapitana çevrilən təcrübəli hücumçu Birinci Divizionda vurduğu qollarla bombardir də olmuşdu. Lakin o, ağır zədə də aldığından artıq karyerasını bitirməyə qərar verib. Rauf Gəncə təmsilçisində cəmi 4 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Əliyev karyerası ərzində “Qarabağ”, “Səbail”, “Şamaxı”, “Bakı”, “Qəbələ”, “Neftçi”, “Kukesi” və “Xəzər Lənkəran” klublarının da uğurları üçün çalışıb. O, Azərbaycan yığmasında 47 oyuna çıxıb, 7 qol vurub.
Əfran İsmayılov isə qış fasiləsi ərəfəsində Tərlan Əhmədovla mübahisə etdiyindən əsas komandadan kənarlaşdırılmışdı. O da məşqçi olmaq istədiyi üçün karyerasını bitirib. Yarımmüdafiəçi “Kəpəz”də cəmi 3 oyuna çıxıb və 1 qol vurub.
Xatırladaq ki, Rauf kimi, Əfran da yetirməsi olduğu “Qarabağ”dakı uğurlu çıxışıyla tanınıb. O, iki müxtəlif vaxtda Ağdam klubunun şərəfini qoruyub. Hücumçu həmçinin “Turan”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter” (sonradan adı dəyişən “Keşlə”də), “Sumqayıt” və “Səbail”də çıxış edib. Əfran Azərbaycan millisində 2010-18-ci illərdə forma geyinərək 40 qarşılaşmada 5 qola imza atıb.