Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un müdafiəçisi Roderik Miller Panama millisinə dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçi 11-18 iyunda KONKAKAF Millətlər Liqasındakı oyunlarda, daha sonra isə KONKAKAF “Gold Cup 2023”də yığmanın sərəncamında olacaq.
Qeyd edək ki, Miller Panama millisində 33 oyun keçirib və 1 qola imza atıb.
Xatırladaq ki, Roderik Miller “Turan Tovuz” bu ilin mart ayında transfer olunub. Həmin vaxt onunla 3 ay + 1 il müddətində rəsmi müqavilə imzalanmışdı. Böyük ehtimalla futbolçu növbəti mövsümdə də komandada qalacaq. O, indiyə qədər Tovuz təmsilçisində 8 oyuna çıxıb, 2 qola imza atıb.
Roderik Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. O, Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn” kimi klublarında legioner həyatı yaşayıb. 2021-ci ildən isə müdafiəçi İraqda oynayırdı. 2021/22 mövsümünü “Əl-Quva”da keçirən futbolçu son olaraq “Əl-Mina” komandasında çıxış edib.
Roderik Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.